Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mecid Əkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.
İş hakim Zaur Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə rayonun Axtaçı-Şirvan kəndində qeydə alınıb. Belə ki, rayon sakini Mecid Rafiq oğlu Əkbərov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə kənd yolunda hərəkətdə olan zaman idarəetməni itirərək yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə sərnişin qismində əyləşmiş İbad Aris oğlu Əlizadə, Sevda Rafiq qızı Əliyeva, Elşən Mais oğlu Qəfərli və Gülbacı Mübariz qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan ŞMX-ya yerləşdirilmiş, Əmrah Mayis oğlu Qəfərov isə aldığı bədən xəsarətləri nəticəsində həyatını itirib. Sürücü M.Əkbərova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
