Məzmuna keç

Mahaçqala hava limanına xüsusi təyinatlılar cəlb edilib, avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb –

Dağıstan hakimiyyəti hava limanında vəziyyəti nəzarətdə saxlayır və vətəndaşlardan Mahaçqala-Kaspiysk avtomobil yoluna getməməyi xahiş edib.

E-huquq.az xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Hava limanında baş vermiş insidentlə əlaqədar respublika sakinlərindən Mahaçqala-Kaspiysk avtomobil yolunda nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdırmağı xahiş edirik”, – məlumatda deyilir.

Qeyd olunur ki, hava limanında vəziyyət nəzarət altındadır, təhlükəsizlik xidmətləri ərazidə işləyir.

Oktyabrın 29-da naməlum şəxslər Mahaçqala hava limanına daxil olaraq icazəsiz aksiya keçirməyə cəhd edib. Daha sonra hava limanı müvəqqəti bağlanıb. Faktla bağlı cinayət işi açılıb.

***

22.42

Dağıstanın milli siyasət naziri Enrik Müslümov və gənclərlə iş üzrə naziri Kamil Saidov izdihamın yaşandığı Mahaçqala hava limanına gəliblər.

E-huquq.az bu barədə Rusiya teleqram kanallarına istinadən xəbər verir.

Bununla yanaşı, Rusiya Qvardiyasının əsgərləri və polis xüsusi təyinatlıları hava limanına daxil olub. Buna səbəb yüzlərlə etirazçının hava limanının binasına daxil olaraq uçuş-enmə zolağına çıxmasıdır.

***

Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanır.

E-huquq.az Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, izdihama səbəb İsraildən enməsi planlaşdırılan təyyarədir.

Məlumata görə, hava limanı yaxınlığında yerli sakinlərdən ibarət böyük izdiham toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər. Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparır.

Polis toplaşanlara müdaxilə etmir. Bununla yanaşı, Kaspiysk və Mahaçqalada polis nəzarəti gücləndirilib.

Bundan əvvəl izdiham İsraildən gələn şəxsi mühasirəyə alaraq pasportunu götürüb. O, yəhudi olduğunu etiraf edib və hava limanı ərazisindən çəkilməyib. Həmin şəxsdən sənədlərdən əlavə, telefon nömrəsini də tələb ediblər.