Məzmuna keç

Nigeriyada sərnişin qayığının aşması nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Taraba əyalətində sərnişinləri daşıyan qayığın batması nəticəsində 15 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, balıq bazarından Taraba əyalətinə qayıdan və 100-dən çox sərnişini daşıyan qayıq Benue çayında aşıb.

Taraba Dövlət Daxili Su Daşıyıcıları İdarə Heyətinin sədr müavini Cidda Mayorenero bildirib ki, qəzadan sonra başlayan xilasetmə işləri zamanı 15 nəfərin cəsədi tapılıb.

O, bölgədə xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının artacağını istisna etmədiklərini vurğulayıb.

Qeyd edək ki, Nigeriyada yağışlı mövsümdə çaylarda və göllərdə bəzən qayıq qəzaları baş verir. Son olaraq sentyabrın 9-da Niger, sentyabrın 11-də isə Adamava ştatlarında sərnişin daşıyan qayıqların batması nəticəsində ən azı 40 nəfər həyatını itirib.

Şəbnəm Mehdizadə