Məzmuna keç

Ukrayna SQ: “Ruslar bir neçə istiqamətdə hücumlarını gücləndirdilər”

"Son 24 saat ərzində rus işğalçıları eyni anda bir neçə istiqamətdə hücum cəhdlərini gücləndiriblər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qərargah hücum cəhdlərinin uğursuz olduğunu bildirib: "Gün ərzində düşmənlə 68 hərbi toqquşma baş verib. Belə ki, Kupyansk istiqamətində ruslar Xarkov vilayətinin Sinkovka, İvanovka və Luqansk vilayətinin Nadejda yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücum etməyə cəhd göstəriblər. Orada ukraynalı müdafiəçilər düşmənin 10-dan çox hücumunu dəf ediblər. Bundan əlavə, işğalçılar Baxmut istiqamətində – Kleçievka və Andreevka yaxınlığında itirilmiş mövqeləri bərpa etmək üçün uğursuz cəhdlər ediblər, burada ukraynalı müdafiəçilər işğalçıların 5 hücumunu dəf etdilər. Düşmən Donetsk vilayətinin cənubunda da uğursuz hücum əməliyyatları keçirib".

Həmçinin qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut şəhərinin cənubunda hücum əməliyyatlarını davam etdirir: "Bu istiqamətdə Ukrayna ordusu düşmənə böyük canlı qüvvə və texnika itkisi verdirir. Ukrayna əsgərləri əldə olunan xətlərdə möhkəmlənir".

Baş Qərargahın məlumatına görə, rus işğalçıları Avdeyevkanı mühasirəyə almaq cəhdlərindən əl çəkmirlər: "İşğalçıların öz qoşunlarını dəstəkləmək üçün aviasiyadan istifadə etmələrinə baxmayaraq, Ukrayna qoşunları xətti möhkəm saxlayır və düşmənə xeyli itki verir. Belə ki, Ukrayna Müdafiə Qüvvələrinin 20-yə yaxın hücumu dəf etdiyi Donetsk vilayətinin Avdeyevka, Keramik, Severnoe, Pervomayskoe, Stepnoe yaşayış məntəqələri ərazilərində işğalçıların hücumları uğursuz olub".

Bundan əlavə, Zaporojjya istiqamətində ruslar Zaporojye vilayətinin Rabotinoy bölgəsində itirilmiş mövqelərini bərpa etməyə çalışıblar, lakin uğursuzluğa dçür olublar.

Eyni zamanda ukraynalı müdafiəçilər Melitopol istiqamətində hücumlarını davam etdirirlər: "Orada Ukrayna Silahlı Qüvvələri düşmənə böyük itkilər verdirir".

Şəbnəm Mehdizadə