Türkiyə Silahlı Qüvvələri son bir həftədə 59 terrorçu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında məlumat verib.
O, Türkiyə ordusunun terrorla mübarizəni əzmlə davam etdirdiyini söyləyib.
Nazirliyin rəsmisi ölkə daxilində və sərhəddən kənarda aparılan əməliyyatlarla terror təşkilatına ağır zərbə vurulduğunu qeyd edib. Qeyd edib ki, yanvarın 1-dən bugünədək 1927 terrorçu zərərsizləşdirilib. Beləliklə, 2015-ci ildən bəri zərərsizləşdirilən terrorçuların sayı 39270-ə çatıb.
O, ötən həftə 2 PKK terrorçusunun Türkiyə ordusuna təslim olduğunu, bununla da ilin əvvəlindən təslim olan terrorçuların sayının 110-a çatdığını deyib. İraqın şimalındakı "Pəncə-İldırım" əməliyyatı bölgəsində terrorçulara məxsus çox sayda sığınacaq və silah-sursatının məhv edildiyini bildirib.
Suriyanın şimalındakı əməliyyat bölgələrində həyata keçirilən terror hücumlarına eyni şəkildə cavab verildiyini bildirən Aktürk, "Cari ildə əsgərlərimizə qarşı 445 hücum həyata keçirilib. Dərhal görülən cavab tədbirləri nəticəsində son 1 həftədə 25 olmaqla, 1 377 terrorçu zərərsizləşdirilib", – deyə qeyd edib.
Şəbnəm Mehdizadə
