Bu ilin yanvar ayında Nepalda 72 nəfərin öldüyü təyyarə qəzasının səbəbi məlum olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Nepal hökuməti tərəfindən təyyarə qəzalarını araşdırmaq üçün təyin edilən 5 üzvdən ibarət komissiya paytaxt Katmandudan Poxaraya uçan Yeti Hava Yollarına məxsus "ATR 72" tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatı açıqlayıb. Hesabatda təyyarə qəzasının “pilotların səhvən təyyarənin enerjisini kəsməsi” nəticəsində baş verdiyi açıqlanıb.
Məlumatda həmçinin qeyd olunub ki, təyyarəyə lazımi texniki qulluq göstərilib, heç bir qüsuru olmayıb, pilotlar heyəti ölkənin Mülki Aviasiya Administrasiyasının nizamnaməsinə uyğun olaraq seçilib.
Qeyd edək ki, yanvarın 15-də Yeti Hava Yollarına məxsus "ATR 72" tipli sərnişin təyyarəsinin Seti çayı vadisi yaxınlığında qəzaya uğraması nəticəsində 72 nəfər həlak olub.
Hadisə ilə əlaqədar ölkədə 1 günlük matəm elan olunub.
Təyyarənin qara qutusu yanvarın 16-da tapılaraq ekspertiza üçün Fransaya göndərilib.
Şəbnəm Mehdizadə
