Məzmuna keç

İspaniyada bəzi xəstəxanalarda maska tələbi yenidən tətbiq olunur

İspaniyada son həftələrdə kəskin şəkildə artan qrip və COVID-19 kimi tənəffüs yoluxucu infeksiyalar səbəbindən bəzi bölgələrdəki xəstəxanalarda maska ​​taxmaq tələb olunur.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara görə, son bir həftədə ölkədə qriplə bağlı xəstəxanaya yerləşdirilənlərin sayı təxminən 60 faiz artıb. Yoluxmalar ən çox Kastilya-La Mançada, Valensiya, Asturiya, Kanar adaları və Kastilya və Leon böldələrində qeydə alınıb.

Valensiya və Mursiyada keçən həftənin sonundan, Kataloniyada isə ötən gündən etibarən xəstəxanalarda və bütün digər sağlamlıq mərkəzlərində maska ​​taxmaq məcburidir. Araqon bölgəsində isə bu tələb yalnız tibb işçiləri üçün keçərlidir.

Madrid, Qalisiya, Kastilla və Leon kimi bəzi muxtar bölgələrdə isə bu tələb etirazla qarşılanıb. Vətəndaşların özlərini qorumaq üçün kifayət qədər məlumatlı olduqları, maskalardan istifadənin isə tələb deyil, sadəcə tövsiyə edilə biləcəyi vurğulanıb.

Ölkənin səhiyyə naziri Monika Qarsiyanın problemin həlli istiqamətində həftə ərzində iclas təşkil edəcəyi gözlənilir.

Nazir yerli mediaya açıqlamasında qrip epidemiyası ilə bağlı mövcud vəziyyətin narahatedici olduğunu və müvafiq tədbirlər görülməli oldğunu deyib.

Qeyd edək ki, İspaniyada COVID-19 epidemiyası zamanı tətbiq edilən qapalı məkanlarda maska ​​taxmaq öhdəliyi mərhələli şəkildə ləğv edilmiş və nəhayət Nazirlər Şurasının 3 iyul 2023-cü il tarixli qərarı ilə xəstəxanalarda bu tələbə son qoyulmuşdu.

Şəbnəm Mehdizadə