Papua Yeni Qvineyada polis və təhlükəsizlik qüvvələrinin tətilə başlaması nəticəsində başlayan iğtişaşlar zamanı 16 nəfər ölüb.
E-huquq.az “ABC News”a istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin olmamasından istifadə edən qruplar əhalinin ən sıx məskunlaşdığı iki şəhərdə iş yerlərini və mağazaları qarət etməyə və yandırmağa başlayıb.
Paytaxt Port Moresbidə 9, ölkənin ikinci böyük şəhəri Laedə isə 7 nəfər ölüb.
Papua Yeni Qvineyanın baş naziri Ceyms Marape açıqlamasında vətəndaşları sülhə və normal vəziyyətə qayıtmağa çağırıb.
Paytaxtda baş verən hadisələrin ölkənin digər bölgələrində də dalğalanma effekti verdiyini qeyd edən Marape bildirib ki, müəssisələrə dəyən itkilərin ödənilməsi üçün tədbirlər görüləcək.
Marape hökumətini dəstəkləyən iki millət vəkili hadisələrdən sonra istefa verib.
Hiri-Koiari bölgəsinin deputatı Keyt İduhu və Simbu bölgəsinin deputatı Ceyms Nomane açıqlamalarında hadisələrin hökumətə olan inamı sarsıtdığını bildirib və Marapenin istefasını tələb ediblər.
Şəbnəm Mehdizadə
