Rusiyanın Novosibirsk vilayətində istilik sistemindəki nasazlıq səbəbindən küçələri qaynar su basıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Novosibriskin Leninski rayonunda baş verən texniki nasazlıq yüzlərlə çoxmənzilli binaya ziyan vurub.
Şəhər meri Oleq Klemeşov bildirib ki, ümumilikdə 237 binada istiliklə təmin oluna bilməyib. Həmçinin 20 məktəb distant təhsilə keçib.
Bundan əlavə, bəzi xəstəxanalarda əvvəlcədən planlaşdırılmış əməliyyatlar təxirə salınıb və Kirovski rayonunda tramvayların hərəkəti dayandırılıb.
Regionda fəaliyyət göstərən enerji şirkəti “Siberian Generating Company” problemin sovet dövründən qalma boru kəmərlərindən qaynaqlandığını və texniki qrupların nasazlığı ən qısa zamanda aradan qaldıracağını bildirib. Şirkətin paylaşdığı məlumata görə, istilik infrastrukturu 1974-cü ildə qurulub.
Rusiya İstintaq Komitəsi faktla bağlı araşdırmaya başlayıb.
Şəbnəm Mehdizadə
