Avstriyanın müdafiə naziri Klaudia Tanner hərbi xidmət keçmək hüququ olan şəxslərin sayının azaldığını bildirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, nazir mətbuat konfransında, gənc avstriyalıların orduya qatılmaq üçün çox kök olduğunu qeyd edib.
Onun sözlərinə görə, 2023-cü ildə 45 min 565 nəfəri hərbi xidmətə çağrıldığı halda, onlardan yalnız 31 min 516 nəfəri xidmətə yararlı olub.
Hərbi xidmətə yararsız 3 421 nəfərə “müvəqqəti yararsız” rəyi verilib, digərləri ordudan tamamilə xaric edilib.
Müdafiə naziri gənclər arasında artan piylənmə problemi ilə yanaşı, psixoloji stress faktorlarını da xüsusi vurğulayıb.
Nazir qadınlar üçün yeni başlayan könüllü hərbi xidmətə indiyədək 212 qadının müraciət etdiyini deyib. Onlardan 126-ı işə qəbul olunub.
Müdafiə Nazirliyinin keçirdiyi son sorğuya görə, hərbi hücum zamanı ölkəni qorumaq üçün silaha sarılmağa razı olanlar 31 faiz təşkil edib. Sorğuda iştirak edənlərin 58 faizi isə “nə olursa olsun” ölkəni müdafiə etməyəcəklərini bildirib.
Qeyd edək ki, bu il Avstriya tarixdə ilk dəfə olaraq müdafiə büdcəsini 4 milyard avroya çatdırıb və 3 il dalbadal hərbi xərclərdə rekord qırıb. 2027-ci ilə qədər bu rəqəmin 5 milyard avroya yüksələcəyi gözlənilir.
Şəbnəm Mehdizadə
