Məzmuna keç

İşğaldan azad edilmiş ərazilərdə ictimai münasibətlərin hüquqi tənzimləmə mexanizminin qurulması

Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi və bu ilin sentyabr ayının 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri ilə torpaqlarımız üzərində dövlətimizin suverenliyi tam şəkildə bərpa olundu. Suverenliyin bərpası ilk növbədə həmin ərazilərdə mövcud və yaranmış ictimai münasibətlərin milli və ölkənin qoşulduğu beynəlxalq qanunvericilik vasitəsilə tənzimlənməsini, insan hüquq və azadlıqlarının təmin edilməsini, mövcud və qurulacaq infrastrukturun və sakinlərin qorunması və təhlükəsizliyinin təmin edilməsi, neqativ hallar yarandığı halda ona qarşı mübarizə tədbirlərinin aparılmasını tələb edir.

İlk öncə işğaldan azad edilmiş ərazilər silah-sursat və minalardan təmizlənir. Bu işdə silahlı qüvvələrin və hüquq-mühafizə orqanlarının əməkdaşları fəal şəkildə iştirak edir və həmin iş koordinasiya və qarşılıqlı əlaqə sayəsində mümkün olur. Daha sonra komendantlıqlar qurularaq ictimai asayişin mühafizəsi bərpa və təmin edilir. Beləliklə, görülən bu tədbirlərlə ölkəmizin ərazi bütövlüyü təmin edildikdən sonra dövlət qurumlarının və hüquq sisteminin həmin ərazilərdə qurulmasına başlanmış, sözügedən ərazilərdə vətəndaş və hüquq cəmiyyətinin formalaşması istiqamətində mütərəqqi addımların atılmasına səbəb olmuşdur. Bu proseslər bölgədə yaşayan sakinlərin daimi və müvəqqəti yaşamaqla bağlı miqrasiya orqanlarına müraciət etməsi, daha sonra vətəndaşlıq əldə edilməsi proseslərinin başlanması ilə vüsət alaraq ardıcıl olaraq icra, qeydiyyat, notariat, polis və hüquq-mühafizə orqanlarının lokal şöbələrinin qurulması və sonda yerli və regional məhkəmələrin yaradılması ilə başa çatacaq. Təbii ki, böyük qayıdış layihəsi əsasında işğaldan azad edilmiş ərazilərə köçən insanların məşğulluğunun təmin edilməsi, həmin ərazilərdə ekoloji landşaftın və kənd təsərrüfatı sahələrinin yaradılması, sənaye və aqrar müəssisələrin qurulması mövcud ictimai münasibətlərin hüquqi cəhətdən nizama salınmasını zəruri etdiyindən həmin ərazilərdə mülki mübahisələrin həlli, cinayət və inzibati xəta törətmiş hüquqi və fiziki şəxslərin məsuliyyəti məsələsinə baxılması yerli məhkəmə xidmətlərinin üzərinə düşür.

Aidiyyəti dövlət təsisatlarının və qurumlarının yeni inzibati binalarının açılışı və personalın cəlb edilməsi ilə dövlət orqanlarının işi bərpa edilir. Həmçinin, sənaye parkları və aqroparkların qurulması, yeni ticarət və ictimai iaşə müəssisələrinin və kommersiya obyektlərinin açılışı həmin ərazilərdə sahibkarlar arasında kommersiya xarakterli mübahisələrin də həllini tələb edir. Beləliklə də həmin ərazilərdə olan sakinlərin yerləşdirilməsi və yaşayışının təmini, habelə, fiziki və hüquqi şəxslərin, fərdi sahibkarların arasında olan mübahisələrin həll edilməsi məqsədi inzibati və məhkəmə orqanlarının qurulması, yaranmış mübahisə və məsələlərin həlli ilə nəticələnir.

Təbii ki, şanlı zəfərdən sonra həmin ərazilərdə yaranmış ictimai münasibətlərin hüquqi tənzimləmə mexanizminin qurulması və mübahisələrin ədalətli şəkildə həll edilməsi dövlət orqanlarının üzərinə düşən ən mühüm öhdəliklərdən biridir və bu işdə ədalət mühakiməsini həyata keçirən məhkəmələr aktiv şəkildə iştirak edirlər.

Eyni zamanda Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında silahlı qüvvələrin əraziləri işğaldan azad etdikdən və erməni separatçılarından təmizləndikdən sonra sözügedən ərazilərdə bərpa quruculuq işlərinin aparılması və ən müasir yaşayış şəraitinin yaradılması biz vətəndaşlardan da həmin əraziləri, landşaftı, kommunikasiya qurğuları, təbiət ərazilərini və tarixi abidələri qorumağı tələb edir və biz oradakı tarixi-mədəni abidələrin gələcək nəsillərə ötürülməsinin vasitəçisi olmalıyıq.

Fuad Babaşov

Bərdə Rayon Məhkəməsi