Məzmuna keç

Rusiya MN: “Belqorodda hərbi təyyarənin vurulması terror aktıdır” –

Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətinin səmasında İL- 76 hərbi-nəqliyyat təyyarəsinin vurulmasını terror aktı kimi qiymətləndirib.

E-huquq.az xəbər verir ki, bu barədə nazirliyin hadisə ilə bağlı yeni açıqlamasında bildirilib.

Qeyd olunub ki, rəsmi Kiyev Belqorod vilayətində İl-76 təyyarəsini vuraraq terror aktı törədib: “Təyyarənin göyərtəsində olan hər kəs, o cümlədən ukraynalı əsirlər ölüblər. Əsirlərin dəyişdirilməsi, əvvəllər əldə edilmiş razılaşmaya əsasən, günorta saatlarında Rusiya-Ukrayna sərhədindəki Kolotilovka keçid məntəqəsində baş tutmalı idi”.

***

Rusiya Dövlət Dumasının Hərbi Komitəsinin sədri Andrey Kartapolov Ukraynanın İL- 75 hərbi-nəqliyyat təyyarəsini məqsədli şəkildə vurduğunu bildirib.

E-huquq.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Duma rəsmisi qeyd edib ki, Ukraynanın niyyəti əsir mübadiləsini pozmaq idi: “Təyyarənin hara uçduğunu, hara getdiyini qarşı tərəf çox yaxşı bilirdi”.

O söyləyib ki, artıq mübadilə mümkün deyil: “Ukrayna bizi günahlandırmaq üçün belə etdi”.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov isə bu gün əsir mübadiləsinin planlaşdırıldığını təsdiqləyib: “Lakin bu, alınmadı”.

A.Yusov əlavə edib ki, Kiyev təyyarədə hərbi əsirlərin olması ilə bağlı məlumatı dəqiqləşdirir.

Rusiya Müdafiə Nazirliyi İl-76 təyyarəsinin raketlə vurulduğunu təsdiqləyib.

Qeyd olunub ki, hücum Xarkov vilayətinin Liptsi rayonundan zenit-raket kompleksindən istifadə edilməklə həyata keçirilib. Məlumata görə, Rusiya Aerokosmik Qüvvələrinin radar avadanlığı iki Ukrayna raketinin buraxılışını müşahidə edib.

Belqorod vilayətinin Koroçanski rayon administrasiyasının başçısı Nikolay Nesterov isə təyyarənin vurulması nəticəsində ölənlər arasında mülki əhalinin olmadığını bildirib.

***

Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb.

Rəsmi qurumlar hələ ki məlumatı təsdiqləməyib.

"RBK Ukraina"ya görə, Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsini Ukrayna Silahlı Qüvvələri vurub. Bu barədə media qurumuna Ukrayna Müdafiə Nazirliyindəki mənbə bildirib.

Qeyd olunub ki, təyyarə S-300 kompleksləri üçün raketlər daşıyıb.

Bundan başqa, Ukrayna tərəfinin yaydığı məlumata görə, təyyarə raketlə vurulub.