Almaniyada ictimai nəqliyyat şirkətinin 90 minə yaxın işçisi fevralın 2-də tətil edəcəklər.
E-huquq.az xəbər verir ki, bu barədə məlumat Birləşmiş Xidmət Sektoru Birliyinin (Ver.di) verdiyi açıqlamada yer alır.
Məlumata görə, 130 şirkətdə işləyən təxminən 90 min işçi cümə günü işi dayandırmağa çağırılıb.
Birliyin vitse-prezidenti Kristin Behle demək olar ki, bütün ştatlarda kollektiv danışıqların aparıldığını və heç bir nəticə əldə edilmədiyini bildirib. O, işəgötürənlər üzərində təzyiqi artırmağın vaxtı gəldiyini deyib.
İctimai nəqliyyat işçiləri üzərində böyük təzyiq olduğunu bildirən Behle, bütün bölgələrdə kifayət qədər personal olmadığı üçün avtobus və qatar səfərlərinin hər gün ləğv edildiyini söyləyib. Bildirib ki, işçilərin yükünü azaltmaq üçün təcili tədbirlər görülməlidir.
Behle qeyd edib ki, görüşlər zamanı iş şəraitinin yaxşılaşdırılması tələbləri irəli sürülüb, lakin işəgötürənlər bu tələbləri yerinə yetirmək istəməyiblər.
Qeyd edək ki, işçilərin əsas tələbləri arasında əmək haqqını kəsmədən həftəlik iş vaxtının qısaldılması, məzuniyyət günlərinin artırılması, növbəli və gecə işçiləri üçün istirahət müddətlərinin uzadılması, Brandenburq, Saarland, Saksoniya-Anhlat və Türingiya əyalətlərində isə təkcə iş şəraitinin yaxşılaşdırılması deyil, həm də maaşların artırılması kimi istəklər yer alır.
Şəbnəm Mehdizadə
