İsveçdə əyləncə parkında güclü yanğın baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçin Göteborq şəhərində yerləşən əyləncə parkında tikilməkdə olan akvaparkda naməlum səbəbdən yanğın baş verib.
Binanın kənarındakı su sürüşməsində başlayan yanğın qısa müddətdə bütün binanı bürüyüb. Yanğın zamanı dəfələrlə partlayışlar baş verib.
Yanğın zamanı xəsarət alanların olmadığı bildirilib.
Alov sürətlə yayıldığına görə parkın ətrafındakı otellər və ofislər boşaldılıb.
Xilasetmə xidmətlərinin sözçüsü Klas Lüppert əhaliyə xəbərdarlıq edildiyini söyləyib.
Qeyd edək ki, 1923-cü ildə şəhərin mərkəzində açılan Liseberg əyləncə parkı hər il təxminən 3 milyon ziyarətçiyə ev sahibliyi edir.
Şəbnəm Mehdizadə
