Məzmuna keç

Azərbaycanın sabiq Baş prokuror müavini Ali Məhkəməyə müraciət etdi

Bakıda dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərov yenidən məhkəmə qarşısına çıxıb

Bakıda dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərov yenidən məhkəmə qarşısına çıxıb.

E-huquq.az xəbər verir ki, o, barəsində olan hökmdən narazıdır və kassasiya şikayəti verib.

Ali Məhkəməyə müraciət edən M.Cəfərov bəraət istəyir.

Şikayət hakim Tahir Kazımovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlil bəlli deyil.

İttihama görə, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Cəfərov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsinin onun şikayətini təmin etməyib.

Xatırladaq ki, M.Cəfərov hazırda Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərib. Həmçinin o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir neçə ay bu vəzifədə çalışıb.