Paris Sazişinin imzalanmasından 10 il keçməsinə baxmayaraq, London Universitet Kolleci (UCL) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşlığı ilə hazırlanan 2026-cı il “Lancet Countdown” hesabatı iqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirlərinin sürətlə artdığını ortaya qoyub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 30-dan çox ölkədə 100-dən artıq qurumu təmsil edən 146 tədqiqatçının imzaladığı hesabatda ekstremal istilərin və quraqlığın iqlim dəyişikliyi ilə mübarizə tədbirlərindən daha sürətlə artdığı vurğulanıb.
Hesabatda qeyd olunub ki, Paris Sazişinin qüvvəyə mindiyi 2016-cı ildən 2023-cü ilədək hər il orta hesabla 540 min insan istiliklə əlaqəli səbəblərdən həyatını itirib. Bu ölümlərin 68 faizinin iqlim dəyişikliyi ilə əlaqəli olduğu bildirilib.
Təkcə 2023-cü ildə yüksək temperaturun 710 min insanın ölümünə səbəb olduğu, bu ölümlərin 71 mindən çoxunun isə birbaşa iqlim böhranı ilə əlaqələndirildiyi qeyd edilib. Hesabata əsasən, bu göstərici malyariya və ya HİV səbəbindən qeydə alınan ölüm hallarını üstələyib.
2016-2023-cü illəri əhatə edən dövrdə iqlim dəyişikliyi ilə əlaqələndirilə bilən ölümlərin ümumi sayının təxminən 3 milyona çatdığı bildirilib.
Hesabatda iqlim böhranının yalnız insan sağlamlığına deyil, qlobal iqtisadiyyata da ciddi təsir göstərdiyi vurğulanıb. Artan temperatur və bunun nəticəsində əmək məhsuldarlığının azalması səbəbindən 2025-ci ildə dünya iqtisadiyyatının potensial gəlirlərinin 1 trilyon dollardan çoxunun itirildiyi bildirilib. Bu, itkilərin ardıcıl üçüncü ildir ki, trilyon dollar həddini aşması deməkdir.
Bununla yanaşı, 2016-2025-ci illərdə ekstremal quraqlığın təsirinə məruz qalan torpaq sahələrinin payının əvvəlki onilliklə müqayisədə təxminən 700 faiz artdığı qeyd olunub. 2025-ci ildə isə dünya üzrə torpaq sahələrinin yarıdan çoxu ən azı bir ay ərzində kəskin quraqlıqla üzləşib.
Hesabatda müsbət dəyişikliklərə də diqqət çəkilib. Belə ki, 2025-ci ildə qlobal təmiz enerji investisiyaları 7 faizdən çox artaraq 2,1 trilyon dollara çatıb. Bu məbləğ qalıq yanacaqlara yatırılan investisiyalardan 82 faiz çox olub.
Bərpaolunan enerjinin qlobal elektrik istehsalındakı payı artmaqda davam edir. Daha təmiz hava sayəsində hər il yüz minlərlə insanın həyatını xilas etmək mümkün olur.
Bununla belə, qalıq yanacaqlar hələ də qlobal enerji təchizatının 80 faizindən çoxunu təşkil edir. Hava çirklənməsinin isə hər il təxminən 2,7 milyon insanın ölümünə səbəb olduğu vurğulanıb.
Tədqiqatçılar iqlim dəyişikliyinin rəsmi olaraq “qlobal sağlamlıq fövqəladə vəziyyəti” kimi tanınmasının vacibliyini bildiriblər.
Onlar Ümumdünya Səhiyyə Təşkilatını və Birləşmiş Millətlər Təşkilatını qlobal səviyyədə əlaqələndirilmiş tədbirlər görməyə, insan sağlamlığını iqlimlə bağlı bütün qərarların mərkəzinə yerləşdirməyə və istixana qazı emissiyalarını sürətlə azaltmağa çağırıblar.
Hesabatın nəticələri iqlim dəyişikliyinin artıq yalnız ekoloji problem olmadığını, eyni zamanda səhiyyə sistemləri, iqtisadiyyat və insanların həyat təhlükəsizliyi üçün ciddi çağırış yaratdığını göstərir.
Şəbnəm Mehdizadə
