Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Nəsrulla Abbasovun barəsindəki hökmdən prokuror tərəfindən verilən protestə baxılıb.
Bu barədə e-huquq.az-a vəkil Anar Qasımlı məlumat verib. O deyib ki, məhkəmə prokurorun protestini təmin etməyib və hüquqlarını müdafiə etdiyi şəxslə bağlı çıxarılan bəraət hökmü qüvvədə saxlanılıb.
İttihama görə, Nəsrulla Abbasov İrandan Azərbaycana 500 kilo 635 qram narkotik vasitə keçirmək istəyən zaman yaxalanıb. O, gətirdiyi nakotik vasitəni Polşaya göndərməli imiş.
İstintaq orqanı tərəfindən Nəsrulla Abbasovun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Abbasova bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
