Məzmuna keç

Talassemiyalı uşaqlara yığılan pulu ələ keçirməkdə təqsirləndirilən qadın məhkəmə zalında həbs edildi

Talassemiyalı uşaqlar üçün toplanmış 1 milyonluq vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş vəsatətinə baxılıb.

Vəsatətdə göstərilib ki, təqsirləndirilən şəxs Aynur Bayramova barəsində ev dustaqlığı qətimkan tədbirinin həbs-qətimkan tədbiri ilə dəyişdirilərək məhkəmə zalından həbs edilsin.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin edib.

Təqsirləndirilən şəxs Aynur Bayramova barəsində seçilmiş ev dustaqlığı qətiimkan tədbirinin həbs-qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilib. Təqsirləndirlilən şəxs məhkəmə zalından həbs edilib.

Məhkəmənin növbəti iclası mayın 8-nə təyin edilib.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu