Məzmuna keç

Fikrət Məmmədov yeni yaradılmış məhkəmələrin hakimləri ilə görüşdü

Ədliyyə naziri Fikrət Məmmədov yeni yaradılmış məhkəmələrin hakimləri ilə görüşüb.

E-huquq.az xəbər verir ki, nazir çıxışında təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi sisteminin formalaşdırılmasına, insanlarının hüquqlarının məhkəmə müdafiəsinin etibarlı təmin olunmasına, müraciət imkanları artırılmaqla əlçatanlığın asanlaşdırılmasına xidmət etdiyini bildirib.

Məhkəmə sisteminin səmərəliliyinin, vətəndaşların ədalət mühakiməsinə inamının və etimadının artırılmasının hakimlərin fəaliyyətindən bilavasitə asılı olduğunu vurğulayaraq dövlət başçısının bütün məhkəmə sədrlərinə və hakimlərə ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı verdiyi tövsiyələri diqqətə çatdırıb.

Həmçinin məhkəmə qərarlarının ədalətliliyinin təmin edilməsinin, qanunun tələblərinə ciddi riayət olunmasının, insanlara qayğılı münasibət və layiqli xidmət göstərilməsinin, vətəndaş məmnunluğunun yüksəldilməsinin hakimlərin ən ümdə vəzifəsi olduğu, kobud rəftar, süründürməçilik, sui-istifadə hallarının, qeyri-prosessual münasibətlərin yolverilməzliyi vurğulanıb, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının qətiyyətlə alınması üzrə görülən tədbirlər qeyd olunub.

Bununla bağlı hər bir qanun pozuntusuna ciddi reaksiya verilməsinin, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin, təşəbbüskarlığın və prinsipiallığın artırılmasının vacibliyi bildirilib.

Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul şəxslərinin iştirak etdiyi görüşdə yeni təyinat almış hakimlərin qayğıları, işin təşkili vəziyyəti ilə maraqlanılıb, ortaya çıxan problemlərin operativ həllinə, qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb. Həmçinin yeni yaradılmış məhkəmələrdə əmək və icra intizamına nəzarətin gücləndirilməsi, məhkəmələrdə mütəmadi yoxlamaların və monitorinqlərin aparılması, vətəndaşların yerlərdə qəbullarının keçirilməsi ilə bağlı və digər konkret tapşırıqlar verilib.