Məzmuna keç

“Konstitusiya Məhkəməsi ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır” –

"Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yaranmasından 26 il ötür. Özünün 26 illik fəaliyyəti dövründə ali konstitusiya ədalət mühakiməsi orqanı kimi işini Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurmuş Konstitusiya Məhkəməmiz bütün dövrlərdə qəbul etdiyi Qərar və Qərardadlarında birmənalı şəkildə Konstitusiyanın aliliyinin təmini, hər kəsin əsas hüquq və azadlıqlarının müdafiə edilməsi kimi şərəfli məqsədlərə sadiq qalıb. 26-cı ildönümündə, həm hakimlərin, həm Məhkəmə Aparatının işini təhlil edərkən əminliklə demək olar ki, bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi məhz Ulu Öndərin görmək istədiyi ali konstitusiya ədalət mühakiməsi orqandır".

E-huquq.az xəbər verir ki, bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

O qeyd edib ki, müstəqil Azərbaycan Respublilasının Konstitusiyası qəbul edilərkən “xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq” ifadə olunan altı ali niyyətdən biri kimi təsbit olunmuşdur: "Bu ilk növbədə Ulu Öndərin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələrkən Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalı olması barədə iradə ifadəsindən qaynaqlanırdı. Bildiyiniz kimi, 1995-ci ildə Konstitusiyanın qəbulu fonunda ölkədə genişmiqyaslı islahatlar kursuna start verildi və heç şübhəsiz ki, məhkəmə-hüquq islahatları bu tarixi proseslərin mərkəzində dayanırdı. Məhkəmə-hüquq islahatlar prosesinin vacib elementi kimi Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri ilə Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsipləri müəyyən olundu və 14 iyul 1998-ci ildə Ümummilli Liderin özünün konstitusiyada əksini tapmış şəxsi təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı".

Deputat bildirib ki, digər istiqamətlərdə olduğu kimi, Ulu Öndərin məhkəmə-hüquq konsepsiyasını da uğurla davam etdirən cənab İlham Əliyevin isə Prezident seçildikdən sonra ilk imzaladığı normativ hüquqi aktlardan biri 23 dekabr 2003-cü ildə qəbul olunmuş Azərbaycan Respublikasının “Konstitusiya Məhkəməsi haqqında” Qanun oldu: "Beləliklə, əminliklə deyə bilərik ki, Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarının tamamlanması ilə başlanan qızıl dövrü məhz cənab İlham Əliyevin adı ilə bağlıdır. Nəticə etibarı ilə bu gün Konstitusiya Məhkəməsi seçkilər də daxil bir sıra taleyüklü məsələlərdə həlledici instansiya kimi ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır, qanunların, qərarların və digər normativ hüquqi aktların Konstitusiya və qanunlara uyğunluğunu yoxlayır, dövlət orqanlarından daxil olan sorğular və ümumi məhkəmələrin müraciəti əsasında Konstitusiya və qanunlara şərh verir, qanunla müəyyən edilmiş formada fərdi şikayətlərə baxır, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməyən qəti qərarları ilə hüquqi dayanıqlılığı təmin edir".

"Konstitusiya Məhkəm­əsinin yaranışının 26-cı ildönümündə Ko­nstitusiya Məhkəməsi­nin dünyasını dəyiş­miş hakimlərini də yad edir, xüsusən ötən ilin əvvəlində vəfatı hü­quq ictimaiyyəti üçün böyük itki olan, Azərbaycan məhkəmə-hüquq sistemində, pro­kurorluq orqanlarında uzun müddət ləyaqə­tlə çalışmış, özündən sonra, sözün əsl mənasında, şərəfli ad qoyub getmiş mərhum Mahir Muradovu ehtiramla anırıq.

Bu əlamətdar gündə Konstitusiya Məhkəmə­sinin yaranışının 26-cı ildönümü münasi­bətilə Məhkəmənin Sədri başda olmaql­a​, Məhkəmənin bütün hakimlərini, Aparat və İşlər İdarəsinin əməkdaşlarını təbrik edir, daha güclü Az­ərbaycan naminə fəaliyyətlərində uğurlar arzulayırıq​", – B.Məhərrəmov qeyd edib.