"Şübhəsiz ki, insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin edilməsində məhkəmə müdafiəsi hüququ müstəsna rola malikdir. Azərbaycan dövləti vətəndaşlarımızın iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Ölkəmizdə seçki hüquqlarının pozulduğunu güman edən şəxslərə hüquqlarının müdafiəsi üçün mexanizmləri real, işlək və səmərəli olan məhkəmələrə sərbəst müraciət etmək imkanı təmin edilib".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib.
Məhkəmə-Hüquq Şurasının sədri bildirib ki, seçki hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərə inzibati məhkəmə icraatı qaydasında ilkin olaraq apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Bu cür müraciətlərə birbaşa apellyasiya instansiyası məhkəmələrində baxılmasının məqsədi prosesin daha çevik idarə olunması, işlərə daha keyfiyyətli və operativ baxılmasını təmin etməkdir. Əlbəttə, məhkəmələr həmişə olduğu kimi, bu seçkilərdə də üzərilərinə düşən vəzifələri həyata keçirməyə hazırdırlar.
"Ümumiyyətlə, Azərbaycan Respublikasının Seçki Məcəlləsində vətəndaşlarımız üçün çoxsaylı hüquqi imkanlar əks olunub və bu Məcəllə seçkilərin təşkili və keçirilməsinin əsas qaydalarını tam əhatə edir. Məcəllə seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət vermək hüququ olan şəxslərin geniş əhatə dairəsini müəyyən edir. Bu şəxslərin dairəsinə: seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları aiddir. Şikayət iki formada – inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Dairə seçki komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Başqa sözlə, şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, məhkəməyə şikayət edilə bilər", – deyə o qeyd edib.
İ.Kərimov Seçki Məcəlləsində şikayətlərlə bağlı konkret müddətlərin müəyyən olunduğunu diqqətə çatdırıb: "Belə ki, maraqlı şəxslər mübahisələndirilən qərarın dərc edildiyi və ya alındığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxır. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər. Apellyasiya instansiyası məhkəmələrində şikayətlərə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin tələblərinə əsasən baxılır. İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır".
O bildirib ki, məhkəmələrdə seçki hüquqlarının müdafiəsinə dair mübahisələrə baxılarkən, bir qayda olaraq, müvafiq seçki komissiyalarının qərar və hərəkətlərinin qanuniliyi yoxlanılır: "Bu zaman, icraatın özünün aparılmasına münasibətdə prosessual təminatlara riayət edilib-edilmədiyinə, eləcə də maddi hüququn düzgün tətbiq olunub-olmadığına qiymət verilir. Dinlənilmə hüququnun təmin edilməsi, tərəflərə vəsatət və sübut təqdim etmək imkanlarının yaradılması, obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməklə şikayətin araşdırılması və sair hallar prosessual təminatlarla əhatə olunur. Məhkəmələr bu məsələlərdə işin bütün faktiki hallarını tam araşdırılmalı, qərarların əsaslandırılmış formada qəbul edilməsini təmin etməlidir".
Şəbnəm Mehdizadə
