Məzmuna keç

175 min manatlıq mənimsəmədə təqsirləndirilən direktor və mühasibin məhkəməsi başladı

Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayevanın cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Mətləb Hüseynovun himayəsində 3 azyaşlı övladı var, hazırda heç bir yerdə işləmir. Anaxanım Babayeva isə hazırda "Qafqaz Wood" MMC-də baş mühasib vəzifəsində çalışır, onkoloji xəstəliyi var, bu barədə sənədlər də vəkili vasitəsilə məhkəməyə təqdim edildi. Oğlu Rafiq də Böyük Vətən Müharibəsi iştirakçısıdır. Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Murad Məmmədov işə məhkəmə prosesində iştirak etməyib. Ancaq zərərçəkmiş tərəfindən iddia ərizəsi daxil olub. Təqsirləndirilən şəxslərin vəkilləri məhkəmədən iddia ərizəsinin müzakirəsinin növbəti prosesə saxlanılmasını xahiş ediblər.

Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.

Hər iki şəxsə qarşı Cinayət Məcəllsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq müddətində "başqa yerə getməmək qətimkan tədbiri" seçilib.

Məhkəmə prosesi 5 avqust tarixinə kimi təxirə salınıb.

İbtidai istintaqla müəyyən edilib ki, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pulllar köçürüb, sonradan həmin 175 min 365 manatı nağdlaşdıraraq mənimsəyiblər.
Onlar barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılıb.

Orxan Rasifoğlu