Külli miqdarda dələduzluqda ittiham olunan “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfova hökm oxunub.
E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Tural Nəcəfov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki ötən prosesdə dövlət ittihamçısı Rauf Malışov məhkəmədən təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihamda deyilir ki, müttəhim Tural Nəcəfov özünü tikinti sahəsində fasad şüşələrinə xidmət avadanlığının, turniketlərin xarici ölkələrdən gətizdirməklə quraşdırılması sahəsində çalışan geniş təcrübəyə, işgüzar əlaqələrə malik etibarlı iş adamı kimi təqdim edib. O, Dövlət Gömrük Komitəsinin İnfrastrukturun İnkişafı İdarəsinin rəisi Abuzər Məmmədovun, sabiq deputat Hacı Salayevin və digərlərinin inam və etibarını qazana bilib. Nəticədə fasad xidmət avadanlığının alınaraq “Azərterminalkompleks” Birliyinə verilməsi ilə bağlı 265 min manatlıq müqavilə imzalayıb. Bundan başqa T.Nəcəfov Dövlət Gömrük Komitəsinin (DGK) inşası davam edən yeni inzibati binasına turneketlər quraşdıracağını da vəd edib. “Gerlift Group” MMC ilə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi arasında 146 min manat civarında kommersiya müqaviləsi bağlanılıb. T.Nəcəfov sözügedən vəsaiti təyinatı üzrə xərcləməyib, öz şəxsi ehtiyaclarına sərf edib. Bununla da Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə 412 min manat ziyan vurub.
Digər zərərçəkmişlər də eyni üsulla aldadılıb.
Təqsirləndirilən şəxs eks-deputat Hacı Salayevin Yasamal rayonu, H.Cavid küçəsində yerləşən beşmərtəbəli fərdi yaşayış evinə Almaniya istehsalı olan liftin xaricdən sifarişi üçün 157 min 916 manatlıq müqavilə imzalayıb. Lakin vədinə əməl etməyib, eks-deputatın pulunu ələ keçirib.
Qeyd olunan əməllərinə görə, T.Nəcəfova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Orxan Rasifoğlu
