Məzmuna keç

Evindən oğurluq edilən “Qazprom”un vəzifəli şəxsi məhkəmədə ifadə verdi

"Qazprom" şirkətinin Azərbaycan üzrə nümayəndələyinin keçmiş rəhbərinin evindən külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Əkbər Bəşirlinin cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, özünü elan edilmiş ittihamla qismən təqsirli bilib: "Akif müəllim məni bağban kimi 600 manata işə götürdü. Daha sonra maaşımı 900 manata qaldırdı. Mənə lazımsız əşyalar dolu bir qutu verdi. Evdə qutunun içinə baxanda iki ədəd qəribə saat gördüm. "Laçın" ticarət mərkəzində qızıl şöbəsinə getmişdim. Evdəkilərə hədiyyə almalı idim. Saatı yoxlatdırdım, satıcı onun müəyyən hissələrinin qızıl olduğunu söylədi. Saatları 4 min 300 manata satdım. Həyətdə ağacı sulayanda isə qazonun içində başqa saat tapdım. Onu da yoxlatdırdıım, üst hissəsi qızıl olduğundan 8 min manata satdım".

İş üzrə zərərçəkmiş olan Akif Həsənov isə bildirib ki, təqsirləndirilən şəxsi bağına işçi kimi tanışının məsləhəti ilə götürüb:

"Əkbər təmkini və iş əmsalının yüksək olması ilə diqqətimi çəkdi. Maaşını bir müddət sonra artırdım. Oğlumun 25 illik yubileyinə görə bahalı saat hədiyyə etdim. Oğlum o qədər də saat taxan deyildi. Yığıncaqdan gəlib saatı qoydu dolabın üstünə. Oğlum günlərin birində saatı tapmadığından məndən onu görüb-görmədiyimi soruşdu. Saat sanki yoxa çıxdı. Əkbərdən soruşduqda görmədiyini dedi. Mənim iki bahalı saatım da itmişdi. Mən saat kolleksiyasına üstünlük verirdim. O saatları mənə xaricdəki dostlarım yubileyim münasibətilə hədiyyə vermişdi. Saatlar qızıldan, eyni zamanda bahalı və marka idi. Evimin yanması epizoduna gəldikdə isə bu, təsadüfi olan hadisə deyildi. Çünki bağımdakı elektrik işləri yüksək peşəkarlıqla və keyfiyyətli naqillərlə quraşdırılmışdı. Əgər hər hansı bir qısaqapanma olarsa, avtomatik işıqlar mərkəzdən sönürdü. Yanğın zamanı seyfim yoxa çıxdı. Halbuki onun içində ailəmizin sənədləri, qızıllar və 5 min dollara yaxın pul var idi. Oğurluq epizodu ilə bağlı ümumilikdə 204 min manat, evin yanması epizodu ilə bağlı isə 450 min manat ziyan dəyib".

Məhkəmənin növbəti iclası sentyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, Əkbər Bəşirli Şüvəlan qəsəbəsində yerləşən 2 mərtəbəli evdən içərisində qiymətli əşyalar olan seyfi oğurlamaqda təqsirləndirilir. Ona qarşı cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Akif Həsənov Şahəli oğlu "Qazprom" şirkətinin Azərbaycan üzrə nümayəndələyinə 19 il rəhbəri olub. Təqaüdə çıxdıqdan sonra adıçəkilən şirkətdə müşavir olaraq çalışır.

Orxan Rasifoğlu