Məzmuna keç

Təhsil İdarəsinin keçmiş əməkdaşının məhkəməsi keçirildi

Bakı şəhəri Təhsil İdarəsinin keçmiş əməkdaşı Şahin Təhməzovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Asim Salahov şahid qismində ifadə verib.

O, 2021-ci ildən Penitensiar Xidmətdə çalışdığını bildirdi: “Mən 2021-ci ildən Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində işləyirəm. Şahin Təhməzovu cəzaçəkmə müəssisəsinin daxilində fəaliyyət göstərən əyani və qiyabi məktəbin direktoru kimi tanımışam. Biz onlara ancaq cəzaçəkmə müəssisəsinə daxil olmaq üçün buraxılış vermişik, müəssisəyə daxil olanda üzərlərinə axtarış-baxış həyata keçirmişik, şəxsən müəllimləri bir-bir tanımamışam. Məktəbin əməkdaşlarının davamiyyətini biz izləmirik, onlara Elm və Təhsil Nazirliyi nəzarət edir”.

Təqsirləndirilən şəxsin vəkili müvəkkilinə məktəb müəllimlərinin cəzaçəkmə müəssisəsinə daxil olması ilə bağlı sual verib.

Şahin Təhməzov cavabında “Əsasən pandemiya dönəmində müəssisəyə hər zaman daxil ola bilmirdik. 2022-ci ildə virusa yoluxdum, bunula bağlı sizə sənəd də təqdim etmişəm, işə çıxmadım. Mən 2016-cı ildən həmin məktəbdə direktor işləmişəm".

Hakim Rasim Sadıxov və dövlət ittihamçısı Rauf Malışov növbəti məhkəmə prosesinə Bakı şəhəri üzrə Təhsil idarəsindən əlavə şahid qismində yoxlama əməkdaş təqdim etməyi təklif edib.

Şahin Təhməzov isə Bakı şəhəri üzrə Təhsil idarəsinin əməkdaşlarının ona qarşı qərəzli olduğunu qeyd edib.

Hakim Rasim Sadıxov rəis müavininin məhkəməyə təqdim etdiyi sorğunu elan edib.

Məhkəmənin növbəti iclası 24 sentyabra təyin edilib.

Qeyd edək ki, Şahin Təhməzov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. İş üzrə Bakı şəhəri Təhsil İdarəsi zərərçəkən qismində tanınıb.

Orxan Rasifoğlu