Latın Amerikası ölkələrində yeni virus sürətlə yayılır


  • 17:00

Latın Amerikası ölkələrində yayılan yeni yoluxucu virus ciddi narahatlığa səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Oropuche adlı virus Danq qızdırmasına bənzər qızdırmalara səbəb olur. Son araşdırmalara görə, virus xüsusilə hamilə qadınlar üçün ciddi risk təşkil edir. Ekspertlər qlobal iqlim dəyişikliyinin virusun yayılmasında rol oynadığını hesab edir.

Oropuche virusu haqqında Almaniyalı alimləri tərəfindən aparılan geniş araşdırmanın nəticələri “The Lancet Infectious Diseases” jurnalında dərc olunub.

1950-ci illərdə kəşf edilmiş Oropouche virusuna yoluxanların sayı əvvəllər çox az olub. Lakin 2023-cü ilin sonundan bəri virusa yoluxanların sayı 20 mini keçib. Virusun iki gənc qadının ölümünə və bəzi hamiləliklərdə körpədə inkişaf pozğunluğuna səbəb olduğu bildirilib.

Virus qızdırma, titrəmə, baş ağrısı, əzələ və oynaq ağrıları, ürəkbulanma kimi əlamətlərlə özünü göstərir. Bununla belə, mütəxəssislər hamiləlik zamanı virusa məruz yoluxmanın dölə hansı təsirinin olduğunun hələ də aydın olmadığını deyirlər. Lakin virusa qarşı hələ də peyvənd və ya spesifik müalicə metodu yoxdur.

Virusun ən çox yayıldığı yer Amazon Meşəsidir. Bununla belə, Mərkəzi Amerika, Karib hövzəsi və Braziliyanın cənub və sahilyanı ərazilərində də yoluxma riski yüksəkdir. Mütəxəssislər bildirirlər ki, ərazidə yaşayan insanlar uzun paltar geyinməli, həşərat qovuculardan istifadə etməlidir. Xüsusilə hamilə qadınların bu bölgələrə getməzdən əvvəl həkimə müraciət etmələri tövsiyə olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər