- 19:38
Yaponiyada elektrik xəttinə dırmanan ilana görə sürət qatarının hərəkəti dayandırılıb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Tokiodan Osakaya səfər edən və ölkənin ən işlək, yüksək sürətli qatar xətti hesab olunan Tokaido Shinkansen xəttində reyslər ləğv edilib.
Məlumata görə, uzunluğu təxminən bir metr olan ilan Maibara və Gifu-Haşima stansiyaları arasındakı elektrik dirəyinə çıxıb və elektrik sistemini sıradan çıxarıb.
Hadisə zamanı xəttdə elektrik enerjisinin kəsilməsi 1,5 saata yaxın davam edib.
Hadisə zamanı qatarların içərisindəki işıqların və havalandırma sistemləri işləməyə davam edib. Lakin qatarların hərəkəti dayandırıldığı üçün yüzlərlə sərnişin qatarlarda qalıb.
Qeyd edək ki, paytaxt Tokio və Osaka arasında həmin xəttdə gündəlik orta hesabla 370 reys həyata keçirilir və təxminən 430.000 sərnişin daşınır. Saatda 285 kilometr sürətlə hərəkət edən qatarlarla iki şəhər arasındakı məsafəni 2,5 saatdan az vaxta qət etmək olar.
1954-cü il Tokio Olimpiadasından əvvəl açılan Tokaido Şinkansen xətti o vaxtdan bəri 7 milyarddan çox sərnişin daşıyıb. Mərkəzi Yaponiya Dəmir Yolu Şirkətinin (JR Tokai) məlumatına görə, xətt indiyədək sıfır ölüm və cəmi 1,6 dəqiqəlik gecikmə ilə işləyir.
Şəbnəm Mehdizadə