- 21:06
ABŞ-də bu gündən etibarən qüvvəyə minən yeni gömrük rüsumları ilə ucuz qiymətə alış-veriş imkanları məhdudlaşdırılır.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə Çindən gələn ucuz məhsullara qoyulan yüksək vergilər onlayn alış-verişdə ciddi qiymət artımlarına səbəb olub.
Çində yerləşən “Temu”, “Shein” və “AliExpress” elektron ticarət platformalarından alınan məhsullar üçün qüvvədə olan və 800 ABŞ dollarından aşağı sifarişlər üçün gömrük rüsumlarını ləğv edən qərarın müddəti başa çatıb. Beləliklə, milyonlarla amerikalının illərdir ucuz alış-veriş etdiyi bir sistem artıq ləğv edilir.
Yeni tənzimləmə ilə UPS, FedEx və DHL kimi xüsusi yüklər vasitəsilə gələn Çin istehsalı məhsullara 145 faizə qədər əlavə gömrük rüsumları tətbiq ediləcək. Birləşmiş Ştatların Poçt Xidməti (USPS) vasitəsilə göndərilən əşyalar üçün 120 faiz vergi və ya 100 ABŞ dolları məbləğində sabit rüsum tutulacaq.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi rəsmiləri paket yoxlamasını artıracaqlarını bildirib.
Şəbnəm Mehdizadə