- 15:59
Son dövrlər İranda baş verən güclü yanğınlar və partlayışlarla bağlı müxtəlif fikirlər səsləndirilir.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, aprelin 26-da Fars körfəzi sahilində, Bəndər Abbas Şəhid Rəcai limanında baş verən və onlarla insanın ölümünə səbəb olan partlayışdan sonra ölkənin müxtəlif bölgələrində azı beş yanğın hadisəsi baş verib. Limanda baş verən partlayışla bağlı İran lideri Ayətullah Əli Xamenei təhlükəsizlik qurumlarına və məhkəmələrə partlayışın təxribat olub-olmadığına dair araşdırma aparılması barədə göstəriş verib.
Hazırda partlayışla bağlı istintaq davam edir.
Dərc edilən ilkin araşdırma hesabatında hökumət təxribat ehtimalını inkar edib. Hesabatda partlayışa səhv kateqoriyada etiketlənmiş və səhlənkarlıq ucbatından düzgün saxlanılmayan oksidləşdirici kimyəvi maddələrin səbəb olduğu bildirilir. Lakin Tehran parlamentinin deputatı Məhəmməd Sirac partlayışda İsrailin əli olduğuna dair açıq-aşkar əlamətlərin olduğunu iddia edib. Parlamentari İsrailin partlayışları həyata keçirmək üçün peyklərdən və ya uzaqdan idarə olunan taymer cihazlarından istifadə etdiyini vurğulayıb.
Limandakı partlayışdan 3 gün sonra, aprelin 29-da İsfahanda barıt zavodunda növbəti partlayış baş verib. Partlayış nəticəsində iki fəhlə həlak olub, bir nəfər yaralanıb. Hadisənin səbəbi hələlik açıqlanmayıb.
Bundan başqa, son bir neçə gün ərzində ölkənin müxtəlif bölgələrində yanğınlar baş verib. Belə ki, sosial şəbəkələrdə dünən Əlborz əyalətinin Kərəc şəhərində əsas elektrik stansiyasında yanğın baş verməsinə dair xəbər yayılıb. İran rəsmiləri yanğının elektrik stansiyasında deyil, yaxınlıqdakı zibil toplama sahəsində və karton fabrikində baş verdiyini bildirib. Həmçinin İlam əyalətində meşəlik ərazidə, Qum şəhərində yerləşən fabrikdə, Məşhəd şəhərində yerləşən digər bir fabrikdə böyük yanğın baş verib. Rəsmilər yanğınların baş vermə səbəblərinin araşdırıldığını söyləyib, lakin tələfat və xəsarət alanlar barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə