- 15:59
ABŞ alimləri göbələk və bakteriyalardan istifadə edərək ekoloji cəhətdən sağlam tikinti materialı hazırlayıblar.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin Montana ştatında tədqiqatçılar göbələklər tərəfindən yerin altında əmələ gələn miselyumdan istifadə edərək tikinti materialı hazırlayıblar. Hazırlanan maddə süngər quruluşuna baxmayaraq sərtləşə bilir.
Yeni ixtiranın betonu əvəz edə biləcəyi ehtimal edilir.
Tədqiqat rəhbəri doktor Chelsea Heveran bu kəşfin ətraf mühitə zərər verən sementi əvəz edə biləcək bioloji tikinti materialının hazırlanması istiqamətində mühüm addım olduğunu bildirib.
"Məlumdur ki, hər il 4 milyard tondan artıq sement istehsal edilir və bu, qlobal karbon emissiyasının 8 faizini təşkil edir. Biz miselyuma kalsium karbonat istehsal edə bilən bakteriyalar əlavə etdik. Bu prosesdə bakteriyalar miselyumu sərt quruluşa çevirdilər. Beləliklə, davamlı, uzunmüddətli və canlı tikinti materialı əldə edə bildik", - deyə tədqiqat rəhbəri vurğulayıb.
Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə bu strukturlar havanın keyfiyyətini hiss edə və ya çatları özləri düzəldə bilər. Ekspertlər bunun hələ kiçik miqyaslı bir təcrübə olduğunu və geniş miqyaslı tikintidə istifadə edilməzdən əvvəl daha çox sınaqdan keçmək lazım olduğunu deyirlər. Alimlər hesab edirlər ki, bu cür tikinti materialları xüsusilə təbii fəlakət zonalarında və ya kosmosda infrastrukturun qurulması üçün faydalı ola bilər. Çünki bu materialları sement daşımaq əvəzinə yerində istehsal etmək olar.
Şəbnəm Mehdizadə