- 14:45
Perunun baş naziri Qustavo Adrianzen Konqresdə haqqında verilən etimadsızlıq səsverməsindən sonra tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Limada xalqa müraciət edən Adrianzen istefa ərizəsini prezident Dina Boluarteyə təqdim etdiyini bildirib.
"Cənab Prezident, ölkənin maraqlarına uyğun olaraq, bu gün sizə bildirmək istəyirəm ki, Nazirlər Şurasının sədri vəzifəsindən dönməz şəkildə istefa verdim", - o deyib.
Ölkənin çətin anlarında üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirdiyini bildirən Adrianzen, "Əminəm ki, bu gün tamamladığımız tarixin səhifələri yalnız övladlarımızın və nəvələrimizin oxuyacağı səhifələrdir. Yalnız bundan sonra ədalət öz yerini tapacaq", - deyə bildirib.
Peru mediasının məlumatına görə, müxalifət partiyaları Adrianzenin ölkədə artan zorakılıqla mübarizədə qeyri-adekvat olduğunu əsas gətirərək Konqresə etimadsızlıq təklifi təqdim ediblər.
Qeyd edək ki, Perunun Pataz bölgəsində 13 şaxtaçının qaçırılaraq öldürülməsindən sonra Adrianzen ağır tənqidlərə məruz qalıb. Peruda son zamanlar cinayət hadisələrinin artması və hökumətin təhlükəsizlik məsələləri ilə məşğul olmaqda çətinlik çəkməsi ölkədə siyasi qeyri-sabitliyi daha da dərinləşdirir.
Şəbnəm Mehdizadə