ABŞ-də siçovullar ölümcül bakteriyanın yayılmasına səbəb olur


  • 21 May 15:55

ABŞ-ın Boston şəhərində siçovullar leptospiroz adlı ölümcül bakteriyanın yayılmasına səbəb olur.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Tufts Universitetinin rəhbərlik etdiyi və Şimali Arizona Universiteti, ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA) və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) birgə apardığı araşdırmada 2016-2022-ci illər arasında Bostonda 17 fərqli yerdə 328 siçandan alınan nümunələr təhlil edilib.

Test edilən siçanların 18 faizində Leptospira bakteriyası aşkar edilib.

Tədqiqatçılar 2018-ci ildə Bostonda bir xəstədə aşkarlanan leptospiroz xəstəliyinin eyni ərazidən olan siçan nümunələri ilə demək olar ki, genetik oxşarlığa malik olduğunu müəyyən edib.

Bu, şəhər siçovullarının xəstəliyin mənbəyi olduğunu qəti şəkildə göstərib.

Qeyd edək ki, Leptospiroz torpaqdan, gölməçələrdən və ya durğun sudan, adətən siçan sidiyi ilə çirklənmə yolu ilə yayılır. İnsanlar, ev heyvanları və digər canlılar bu ərazilərlə təmasda olduqda xəstəliyə yoluxa bilər. Xəstəlik tropik bölgələrdə geniş yayılsa da, qlobal istiləşmə ilə daha sərin iqlimlərdə özünü göstərməyə başlayıb. Tədqiqat qrupu xüsusi DNT tutma üsullarından istifadə edərək Leptospira bakteriyasının bütün genetik ardıcıllığını təhlil edib. Xəstəliyin əlamətləri yüngül qızdırma və ya ümumi narahatlıq kimi simptomlarla məhdudlaşdığı üçün diaqnoz və hesabatlarla bağlı dəqiq məlumatlar yoxdur.

Tədqiqat, Bostondakı siçan populyasiyalarının bir-birindən genetik olaraq fərqli olduğunu müəyyən edib.

Araşdırmanın nəticələri PLOS Neglected Tropical Diseases jurnalında dərc olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər