- 00:11
Pakistan Bəlucistan əyalətində məktəb avtobusuna edilən bombalı hücumun Hindistan tərəfindən törədildiyini iddia edib.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.
Açıqlamada üçü uşaq olmaqla 5 nəfərin həyatını itirdiyi, çoxlu sayda uşağın yaralandığı qeyd olunub.
"Terrorçu Hindistan dövlətinin Bəlucistanda həyata keçirdiyi qorxaq və iyrənc hücumda şagirdləri daşıyan avtobus hədəfə alınıb. Bu mənfur hücumu planlaşdıranlar, köməkçiləri və icraçıları ədalət qarşısında cavab verəcək və Hindistanın əsl siması bütün dünyaya göstəriləcək” - deyə məlumatda qeyd olunub.
Pakistan Daxili İşlər Naziri Möhsün Naqvi də nazirliyin X hesabında etdiyi yazılı açıqlamada hücumu pisləyib.
"Düşmən vəhşilik nümayiş etdirərək günahsız uşaqlara hücum edib. Məktəb avtobusuna hücum düşmənin ölkədə qeyri-sabitlik yaratmaq üçün mənfur planıdır" - deyə nazir bildirib.
Şəbnəm Mehdizadə