Əfqanıstanda güclü zəlzələ nəticəsində 600-dən çox insan ölüb


  • 1 Sentyabr 08:43

Əfqanıstanın şərqində yerləşən Kunar vilayətində baş verən 6 bal gücündə zəlzələ nəticəsində azı 622 nəfər həlak olub, 1555 nəfər isə yaralanıb.

E-huquq.az-ın məlumatına görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Kani bildirib ki, ötən gecə qeydə alınan zəlzələdə 610 nəfər Kunar, 12 nəfər isə Nangarhar vilayətlərində həyatını itirib. Hadisə nəticəsində çox sayda evin dağıldığı qeyd olunub.

Kani əlavə edib ki, Əfqanıstanın müvəqqəti hökumətində daxili işlər naziri vəzifəsini icra edən Siracəddin Haqqani yerli rəsmilərə tapşırıq verərək zəlzələdən zərər çəkən bölgələrə təcili yardımın çatdırılmasını tələb edib.

Əfqanıstanın İnformasiya Nazirliyinin rəsmisi isə verdiyi açıqlamada zəlzələnin əsas zərbəsinin Kunar vilayətinə dəydiyini, torpaq sürüşmələri səbəbilə yolların bağlandığını, axtarış-xilasetmə işlərinin isə helikopterlərlə aparıldığını bildirib.

Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid isə "X" platformasında yayımladığı açıqlamada qeyd edib: “Təəssüf ki, bu gün baş verən zəlzələ şərq vilayətlərində ciddi insan itkisinə və dağıntılara səbəb olub”.

Mücahid bildirib ki, yerli sakinlər və rəsmi şəxslər xilasetmə işlərinə cəlb olunub, mərkəzi hökumət və ətraf bölgələrdən də xilasetmə qrupları hadisə yerinə göndərilib.

O əlavə edib: “Həyatları xilas etmək üçün bütün mövcud resurslardan istifadə ediləcək”.

Yeraltı təkanlar ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) tərəfindən də təsdiqlənib. Məlumata görə, zəlzələnin episentri Pakistan sərhədinə yaxın olan Cəlalabad şəhərinin 27 kilometr şimal-şərqində, yerin 8 kilometr dərinliyində qeydə alınıb.

Bölgədə zəlzələdən sonra biri 5,2 bal olmaqla ən azı iki afterşok da baş verib.

Rəsmilər bu təbii fəlakətin son illərdə Əfqanıstanı vuran ən güclü zəlzələlərdən biri olduğunu bildirirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər