Pakistanda daşqınlarda ölənlərin sayı 33-ə yüksəldi


  • 1 Sentyabr 12:01

Pakistanda musson mövsümündə yağan intensiv yağışların səbəb olduğu daşqınlar nəticəsində son bir həftədə 33 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Məlumata görə, Pəncab Təbii Fəlakətlərin İdarəolunması Agentliyinin (PDMA) yaydığı açıqlamada 23-31 avqust tarixləri arasında baş verən daşqınlar zamanı 33 nəfərin öldüyü bildirilib. Daşqınlardan təxminən 2 milyon insan birbaşa təsirlənib.

Fəlakət bölgəsində 506 yardım düşərgəsi qurulub. Xilasedici qruplar 760 min nəfəri və 516 min heyvanı təhlükəsiz ərazilərə təxliyə edib.

Bundan əvvəl Pakistanın Milli Fəlakət İdarəetmə Agentliyi (NDMA) daşqınlarda 23 nəfərin öldüyünü açıqlamışdı.

NDMA əlavə edib ki, 1-3 sentyabr tarixlərində paytaxt İslamabad və Pəncab əyalətində yenidən güclü musson yağışlarının yağacağı gözlənilir. Təsirə məruz qalan bölgələrdə sel riskinin artacağı barədə əhaliyə xəbərdarlıq edilib.

Pəncab əyalətinin yüksək vəzifəli rəsmisi Maryam Aurangzeb bu hadisəni Pəncab tarixində baş vermiş ən böyük daşqın fəlakəti adlandırıb. O bildirib ki, bölgədə su səviyyəsi ilk dəfə bu qədər yüksəlib.

Pakistanda 26 iyun tarixindən bəri davam edən daşqınlar nəticəsində 800-dən çox insan həyatını itirib. Bu müddətdə qonşu Hindistanın Himaçal Pradeş əyalətində isə təxminən 300 nəfər ölüb.

Fəlakətin miqyası və davam edən risklər səbəbilə yerli və beynəlxalq yardım təşkilatları bölgəyə dəstək göstərmək üçün səfərbər olunur.

Şəbnəmm Mehdizadə

Oxşar xəbərlər