- 12:57
"TikTok" birbaşa mesajlaşma (DM) funksiyasını genişləndirir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, əvvəllər bu bölmədə yalnız mətn, GIF, stiker və "TikTok" videoları paylaşmaq mümkün idi. Yeniləmə ilə istifadəçilər artıq səsli qeyd, foto və video da göndərə biləcəklər.
Bu imkanlar həm ikitərəfli, həm də qrup söhbətləri üçün keçərli olacaq. İstifadəçilər söhbət pəncərəsində birbaşa 60 saniyəyə qədər səs yazısı göndərə biləcəklər. Hər bir mesajda maksimum doqquz ədəd foto və ya video paylaşmaq mümkün olacaq. Daha çox media göndərmək istəyənlər isə paylaşımı ardıcıl mesajlarla davam etdirə biləcəklər.
Yeni funksiyalar hələ istifadəyə verilməyib. "TikTok" bu yeniləməni qarşıdakı həftələrdə mərhələli şəkildə təqdim etməyi planlaşdırır.
Birbaşa mesajlaşma funksiyası 16 yaşdan aşağı istifadəçilər üçün bağlı qalacaq. 16-18 yaş arası istifadəçilər üçün isə əlavə təhlükəsizlik tədbirləri tətbiq olunacaq. 18 yaşdan yuxarı istifadəçilər isə istədikləri təqdirdə bu təhlükəsizlik filtrlərini aktiv edə biləcəklər.
Həmçinin "TikTok" yaxın zamanda "Sənə Özəl" səhifəsinə mövzu idarəetməsi və süni intellekt əsaslı açar söz filtrləri əlavə edib. Platformada, eləcə də "Tako" adlı söhbət botu və şəkilləri videoya çevirən "AI Alive" funksiyası da yer alır.
Şirkət eyni zamanda gənc istifadəçilər üçün sağlam istifadəyə yönəlik "Wind Down", yönləndirilmiş meditasiya və yatma vaxtının planlaşdırılması kimi funksiyalar da təqdim edir.
Şəbnəm Mehdizadə