Əfqanıstanda zəlzələdən sonra humanitar ÇAĞIRIŞ


  • 1 Sentyabr 14:06

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) Əfqanıstanda çoxsaylı insan tələfatına səbəb olan zəlzələnin bir çox ailəni köçkün vəziyyətinə saldığını və bu insanların təcili humanitar yardıma ehtiyacı olduğunu bildirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun Əfqanıstanda baş verən zəlzələ ilə bağlı yazılı açıqlamasında bildirilib.

Bəyanatda Əfqanıstan hökumətinin ölkənin cənub-şərq əyalətlərində baş verən dağıdıcı zəlzələyə reaksiya verdiyi, 6 bal gücündə güclü zəlzələnin Kunar, Nangarhar və Lağman əyalətlərində geniş dağıntılara səbəb olduğu qeyd olunub.

Bəyanatda deyilib ki, bir çox ailələr təcili humanitar yardıma ehtiyac duyurlar.

Bildirilib ki, Əfqanıstan Qızıl Aypara Cəmiyyəti zərər çəkmiş insanlara dəstək olmaq və təcili yardım göstərmək üçün fövqəladə hallar qruplarını yerləşdirib.

Qeyd edilib ki, təcili yardım maşınları yaralıları Nangarhar xəstəxanası da daxil olmaqla, sıxlıq olan tibb müəssisələrinə aparır.

Bəyanatda deyilir: “Axtarış-xilasetmə dəstəyi, təcili tibbi yardım xidmətləri, qida və təmiz su, yollara çıxışın bərpası ən təcili ehtiyaclardandır”.

Qeyd edək ki, ABŞ Geoloji Xidməti (USGS) 6 bal gücündə zəlzələnin Cəlalabaddan 27 kilometr şimal-şərqdə, Əfqanıstanın Pakistanla sərhədi yaxınlığında, 8 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.

Yerli hakimiyyət orqanları bunun ölkədə baş verən ən güclü zəlzələlərdən biri olduğunu bildirib.

Əfqanıstan Müvəqqəti Hökumətinin sözçüsü Zabihullah Mücahid keçirdiyi mətbuat konfransında dünən gecə baş verən 6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayının 800-ü, yaralıların sayının isə 2500-ü keçdiyini açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər