- 16:00
Meyvə istehlakı hava çirkliliyinin ağciyərlərə mənfi təsirini azalda bilər.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Amsterdamda keçirilən Avropa Tənəffüs Cəmiyyəti Konqresində təqdim edilən bir araşdırmada bu nəticəyə gəlinib.
Tədqiqat göstərib ki, gündə ən azı dörd porsiya meyvə istehlak edən qadınlarda ağciyər funksiyasının zəifləməsi riski digərləri ilə müqayisədə daha aşağıdır.
Araşdırmaya rəhbərlik edən, Böyük Britaniyanın Lester Universiteti*nin Ətraf Mühitin Sağlamlığı və Davamlılıq Mərkəzinin doktorantı Pimpika Kaewsri bildirib ki, dünya əhalisinin 90 faizindən çoxu Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi hava çirkliliyi hədlərini aşan mühitdə yaşayır.
Onun sözlərinə görə, yüksək səviyyəli hava çirkliliyi ağciyərlərin funksiyasının zəifləməsinin əsas səbəblərindən biridir.
Tədqiqat çərçivəsində Böyük Britaniyanın Biobank verilənlər bazasından təxminən 200 000 iştirakçının qidalanma vərdişləri və ağciyər tutumu (FEV1 – bir saniyədə çıxarılan hava miqdarı) araşdırılıb. Nəticələr meyvənin ağciyərləri qoruma potensialı olduğunu göstərib.
"Meyvələr təbii antioksidantlar və iltihabəleyhinə maddələrlə zəngindir. Bu birləşmələr, çirklənmiş havadakı zərərli hissəciklərin yaratdığı oksidləşdirici stressi və iltihabı azaldaraq ağciyər funksiyasını qorumağa kömək edə bilər", - Kaewsri bildirib.
Tədqiqat həmçinin kişilərin qadınlarla müqayisədə daha az meyvə istehlak etdiyini də ortaya qoyub.
Humay Eminqızı