- 16:00
Avropa İttifaqında 47 milyon insan evini lazımi dərəcədə qızdıra bilmir. Artan enerji xərcləri və iqlim siyasətlərindəki bərabərsizliklər sosial zəifliyi daha da artırır.
E-huquq.az xəbər verir ki, bu barədə məlumat Brüsseldə keçirilən “Avropa Regionlar və Şəhərlər Həftəsi” çərçivəsində təqdim olunan “Avropa regionlarının və şəhərlərinin vəziyyəti 2025” hesabatında yer alır.
Sənəddə bildirilir ki, enerji yoxsulluğu xüsusilə kənd yerlərində və aşağı gəlirli ərazilərdə “sosial böhran” səviyyəsinə çatıb.
Hesabatda vurğulanır ki, Aİ-də ev təsərrüfatlarının 10 faizindən çoxu gəlirinin 40 faizini mənzil xərclərinə yönəltməyə məcburdur.
Sənəddə Fransada 1 milyard avro dəyərində “hidrogen dəhlizi” layihəsi və İspaniyanın Əndəlus bölgəsində tullantı sularının suvarmada istifadəsi kimi təşəbbüslər yerli transformasiyaya nümunə kimi göstərilib.
Hesabat müəllifləri bildiriblər ki, Avropanın iqlim neytrallığı hədəflərinə çatmaq üçün bələdiyyələrin və regionların rolu gücləndirilməlidir.
Humay Eminqızı