- 16:18
Avstraliyadnın Pilbara səhrasında tapılan böyük yanan obyektin kosmosdan düşən raket parçası ola biləcəyi ehtimal edilir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, oktyabrın 18-də Nyuman şəhərindən təxminən 30 kilometr şimalda təcrid olunmuş ərazidə işləyən mədənçilər yanan obyekti gördükdən sonra aidiyyəti qurumlara bu barədə məlumat veriblər.
Hadisədən sonra polis, Avstraliya Kosmik Agentliyi və Fövqəladə Xidmətlər Departamenti araşdırmaya başlayıb.
Mütəxəssislər bildirirlər ki, ilkin araşdırmalar obyektin kosmik gəminin parçası olduğunu göstərir.
Kosmik arxeoloq Alice Gorman “The Guardian”a bildirib ki, bu, Çinin sentyabr ayında kosmosa göndərdiyi "Jieling" raketinin dördüncü mərhələsi ola bilər.
İlkin qiymətləndirmələr göstərir ki, obyekt karbon lifindən hazırlanıb və daha əvvəl müəyyən edilmiş kosmik zibil nümunələri, xüsusilə də yüksək təzyiqli mayelərin daşınması üçün istifadə edilən kompozit örtüklü raket tankları ilə uyğun gəlir.
Nəqliyyat Təhlükəsizliyi Bürosu obyektin mülki təyyarəyə aid olmadığını təsdiqləyib.
Obyektin dəqiq hansı kosmik gəmiyə aid olduğu sonrakı təhlillərdən sonra müəyyən ediləcək.
Humay Eminqızı