- 12:57
Perunun paytaxtı Limada mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində 30 günlük fövqəladə vəziyyət elan edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, müvəqqəti prezident Xose Jeri xalqa müraciətində son zamanlar zorakılığın artdığını və ölkə iqtisadiyyatına ciddi ziyan vurduğunu deyib.
Ölkədə sülh və əmin-amanlığı bərpa edəcəklərini vurğulayan prezident yerli vaxtla səhər saat 12:00-dan etibarən Lima və liman şəhəri Kallaoda 30 günlük fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
"Müharibələr sözlə deyil, hərəkətlə qazanılır. Bu gün tarixi dəyişməyə başlayırıq. Mütəşəkkil cinayətkarlıqla mübarizə ölkəmizə sülh və əmin-amanlığı qaytaracaq" - deyə o əlavə edib.
Silahlı Qüvvələr avtobus dayanacaqlarında, metro stansiyalarında, ictimai qurumlarda və digər yerlərdə polisə dəstək verəcək.
Ölümlərin Qeydiyyatı İnformasiya Sisteminin məlumatına görə, iyul-sentyabr ayları arasında Peruda 575 qətl hadisəsi törədilib. Oktyabrın 16-da Peruda prezident Dina Boluartenin impiçmentindən sonra hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 1 nəfər ölüb, 78-i polis əməkdaşı olmaqla 102 nəfər yaralanıb.
Humay Eminqızı