Argentina Prezidenti ifadəyə çağırılıb


  • 11:38

Argentina Prezidenti Xavyer Mileynin ifadə verməsi üçün parlamentin xüsusi komissiyası tərəfindən ifadəyə çağırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə deputat Maksimiliano Ferraro məlumat verib.

“Prezident $LIBRA adlı kriptovalyuta ilə bağlı qalmaqalın araşdırılması üçün çağırılıb. Çünki prezidentin bəyanatları ilə Ripio platformasının ölkədəki alıcılar və zərərçəkənlər barədə təqdim etdiyi məlumatlar arasında uyğunsuzluqlar müəyyən edilib”, - deputat bildirib.

Platformadan verilən açıqlamada bildirilib ki, 1329 Argentina vətəndaşı və 29 əcnəbi $LIBRA almaq üçün platformadan istifadə edib. Lakin prezident verdiyi açıqlamada bu kriptoaktivdən alanlar arasında Argentina vətəndaşının olmadığını bildirib.

Komissiya həmçinin prezidentin bacısı və dövlət başçısının ofisinin katibi vəzifəsini tutan Karina Mileyin də ifadə verməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunması barədə təklifi təsdiqləyib.

Qeyd edək ki, fevralın 14-də Miley öz “X” səhifəsində $LIBRA adlı layihə haqqında paylaşım edib. Prezidentin paylaşımından sonra eyni vaxtda buraxılan kriptovalyutanın dəyəri 5 dollara qədər yüksəlib, daha sonra isə düşüb. Bu müddətdə kriptovalyutanın azsaylı sahibləri qiymət artımından milyonlarla dollar qazanıblar.

Humay Eminqızı

Oxşar xəbərlər