- 12:04
Türkiyənin ədliyyə naziri Akın Gürlek qadınlara və uşaqlara qarşı törədilən cinayətlərlə mübarizənin gücləndiriləcəyini və cəmiyyətdə formalaşmış “cəzasızlıq” anlayışının aradan qaldırılması üçün yeni addımların atılacağını açıqlayıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazir Parlament Ədliyyə Komitəsinin sədri Cüneyt Yüksel və komitə üzvləri ilə birlikdə təşkil olunan iftar proqramında çıxış edərək bu barədə məlumat verib.
Nazir bildirib ki, qadınlara qarşı zorakılıqla mübarizə sahəsində effektiv mexanizmlər son dövrdə qəbul edilən qanunlarla müəyyən edilib. Onun sözlərinə görə, hazırda zorakılıq qurbanı olan qadınların üzləşdiyi bəzi problemlər diqqətlə izlənilir.
"Bu məsələlərlə bağlı əlavə hüquqi tənzimləmələrin hazırlanmasını və onların parlament üzvlərinə təqdim edilməsini planlaşdırırıq", - deyə Akın Gürlek qeyd edib.
Nazir həmçinin uşaqları zorakılığa və cinayətə sürükləyən səbəblərin araşdırılmasının vacibliyini vurğulayıb. Bu məqsədlə Ailə və Sosial Xidmətlər Nazirliyi və Milli Təhsil Nazirliyi ilə birlikdə xüsusi platformanın yaradıldığını bildirib.
Onun sözlərinə görə, aparılacaq araşdırmalar çərçivəsində uşaqları cinayətə sürükləyən sosial və ailəvi amillər, həmçinin təhsil mühiti geniş şəkildə təhlil ediləcək.
Nazir qeyd edib ki, bu məsələ ilə bağlı parlamentdə artıq xüsusi komissiya da yaradılıb.
"Xüsusilə uşaqlarla bağlı cinayətlərdə cəmiyyətdə formalaşmış cəzasızlıq qavrayışını aradan qaldırmaq üçün addımlar atacağıq. Məqsədimiz praktik nəticələr verən və real irəliləyiş yaradan hüquqi mexanizmlərin tətbiqidir", - deyə Akın Gürlek vurğulayıb.
Şəbnəm Mehdizadə