BMT: Münaqişələrdə qadınlara və qızlara qarşı cinsi zorakılıq 87 faiz artıb


  • 11:55

Dünya miqyasında münaqişələrlə əlaqədar qadınlara və qızlara qarşı cinsi zorakılıq halları son iki ildə 87 faiz artıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadınlar Təşkilatının icraçı direktoru Sara Hendriks gələn həftə Nyu-Yorkda keçiriləcək BMT-nin Qadınların Statusu üzrə 70-ci Komissiyası (CSW70) başlamazdan əvvəl BMT-nin qərargahında jurnalistlərə bildirib.

Yaxın Şərqdə zorakılığın artmasından ciddi narahatlığını ifadə edən Hendriks qeyd edib: "Biz qadınlar və qızlarla ürəkdən həmrəy olduğumuzu bildiririk və Baş katibin bu zorakılığı dayandırmaq çağırışı ilə tamamilə razıyıq. Onların həyatı, təhlükəsizliyi və gələcəyi həqiqətən təhlükə altındadır".

Hendriks əlavə edib ki, cinsi zorakılığın ən çox yayıldığı bölgələr arasında Sudan, Haiti, Əfqanıstan, Fələstin və İran yer alır. Onun sözlərinə görə, dünyada 676 milyon qadın və qız münaqişə zonalarından 50 kilometr radiusda yaşayır ki, bu da onların ədalətə və bərabərliyə çıxışını ciddi şəkildə məhdudlaşdırır.

Qəzza ilə bağlı suallara cavab olaraq Hendriks bildirib: "Qəzzada qadınlar və qızlar dünyanın ən dağıdıcı humanitar faciələrindən və reallıqlarından birini yaşayırlar. Hətta orada yaşamaq belə gündəlik mübarizəyə çevrilib.".

O, həmçinin Qəzza boyunca qadınlara dəstək olmaq üçün yerli və beynəlxalq qadın hüquqları təşkilatları ilə əməkdaşlıq etdiklərini qeyd edib.

Hendriks əlavə edib ki, qadınlar ləyaqət, ədalət, dolanışıq və gələcəklərinin bərpasında fəal rol almaq istəyirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər