- 12:57
Xorvatiya 2008-ci ildə ləğv etdiyi icbari hərbi xidməti yenidən bərpa edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yüzlərlə gənc çağırış məntəqələrinə müraciət edərək xidmətə başlayıb.
İlk mərhələdə təxminən 800 nəfər iki aylıq hərbi təlimə cəlb olunacaq. İştirakçıların yarıdan çoxu könüllü qoşulub, qadınlar isə ümumi sayın 10%-ni təşkil edir.
Baş Qərargah rəisi Tihomir Kundid bildirib ki, təlim prosesi gənclər üçün stresssiz şəraitdə keçiriləcək və dərs saatlarından kənar telefon istifadəsinə məhdudiyyət qoyulmayacaq. Hərbi xidmətdən imtina edənlər isə 4 ay mülki xidmət keçəcək.
Təlim proqramına ənənəvi hərbi hazırlıqla yanaşı pilotsuz uçuş aparatlarının idarəsi və kibermüharibə üsulları da daxil edilib. Müdafiə naziri İvan Anusiç qərarın Rusiyanın Ukraynaya müdaxiləsi fonunda artan təhlükəsizlik narahatlıqları ilə bağlı olduğunu deyib.
Xorvatiya ilin sonuna qədər ümumilikdə 4 min əsgər hazırlamağı planlaşdırır və bu qərarla məcburi hərbi xidməti tətbiq edən 10-cu NATO üzvünə çevrilir.
Şəbnəm Mehdizadə