- 14:13
Macarıstan Yaxın Şərqdəki müharibə ilə əlaqədar neftin və bəzi neft məhsullarının ixracına qadağa tətbiq edir.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Marton Nagy bildirib.
Buna səbəb Yaxın Şərqdəki müharibə ilə əlaqədar enerji daşıyıcılarının dünya bazarlarında qiymətlərinin yüksəlməsidir.
Nazir bildirib ki, hökumət belə bir qərarı Macarıstan vətəndaşlarının maraqlarını qorumaq məqsədilə qəbul edib.
“Bundan əlavə, hökumət xam neft, 95 markalı benzin və dizel yanacağının ixracına qadağa qoyur və bu məhsulların qanunsuz dövriyyəsinə qarşı ən sərt tədbirlər görəcək”, - Nagy Budapeştdə yaydığı bəyanatda bildirib.
Yaxın Şərqdəki müharibədən əlavə, bu tədbirlərin tətbiq edilməsinin mühüm səbəbi Ukrayna tərəfindən Macarıstana qarşı neft blokadasıdır. 27 yanvardan etibarən Rusiya nefti “Drujba” boru kəməri vasitəsilə Macarıstanın neft emalı zavodlarına daxil olmur.
Bununla əlaqədar olaraq, Macarıstan və Slovakiya Xorvatiyaya müraciət edərək Rusiya xam neftinin “Adriatik” boru kəməri ilə tranzitinə icazə verməsini xahiş ediblər. Budapeşt isə Kiyevə qarşı cavab tədbirləri görərək Avropa İttifaqı tərəfindən verilmiş 90 milyard avroluq hərbi krediti bloklayıb.
Humay Eminqızı