- 17:12
Qazaxıstanda yeni Konstitusiya layihəsinin qəbulu ilə bağlı keçirilən referendumda səsvermə prosesi başa çatıb.
E-huquq.az xəbər verir ki, ölkə üzrə yerli vaxtla saat 07:00-da fəaliyyətə başlayan bütün seçki məntəqələri saat 20:00-da bağlanıb.
Qazaxıstanın Mərkəzi Referendum Komissiyasının məlumatına görə, referendumda iştirak etmək hüququna malik 12 milyondan çox vətəndaş seçici siyahılarına daxil edilib. Səsvermənin təşkili üçün ölkə daxilində və xaricdə ümumilikdə 10 mindən artıq seçki məntəqəsi fəaliyyət göstərib.
Onların bir hissəsi Qazaxıstan vətəndaşlarının xaricdə səs verməsi üçün müxtəlif ölkələrdə yerləşən diplomatik nümayəndəliklərdə yaradılıb.
Səsvermə prosesinin şəffaflığını təmin etmək məqsədilə referendumun monitorinqinə 359 beynəlxalq müşahidəçi və 206 xarici media nümayəndələri də cəlb olunub.
Qeyd edək ki, referendum Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin təşəbbüsü ilə keçirilib və ölkədə genişmiqyaslı konstitusiya islahatlarının həyata keçirilməsini nəzərdə tutur. Təklif olunan layihəyə əsasən, Konstitusiyanın mətninin böyük hissəsi yenilənib və yeni maddələr əlavə olunub.
Referendumun yekun nəticələri səslərin hesablanması başa çatdıqdan sonra rəsmi şəkildə elan olunacaq.
***
13:37
Qazaxıstanda yeni konstitusiya ilə əlaqədar keçirilən referendum baş tutub.
E-huquq.az xəbər verir ki, Qazaxıstan Mərkəzi Referendum Komissiyasının saat 14:00-a olan məlumatına görə, seçici fəallığı 51,93% təşkil edib.
Beləliklə, qanunvericiliyə əsasən, bununla da referendum baş tutub.
***
09:17
Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumunda səsvermə başlayıb.
E-huquq.az xəbər verir ki, ölkədəki əksər seçki məntəqələri yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 20:00-a qədər fəaliyyət göstərəcək.
Mərkəzi Referendum Komissiyası daha əvvəl ilk seçki məntəqələrinin Qazaxıstanın Yaponiyadakı diplomatik nümayəndəliyində açıldığını bildirib. Qazaxıstanın özündə, o cümlədən hərbi bazalarda bəzi xüsusi seçki məntəqələri səhər saat 6:00-da açılıb.
Seçki günü ölkə daxilində 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir, daha 71 məntəqə isə xaricdə, 54 ölkədə Qazaxıstan səfirliklərində və konsulluqlarında açılıb.
Referendum siyahılarına ümumilikdə 12,4 milyondan çox insanın adı əlavə edilib.
***
Qazaxıstanda yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı bu gün ümumxalq referendumu keçiriləcək. Vətəndaşlardan təklif olunan Konstitusiya layihəsini dəstəkləmələri və ya rədd etmələri xahiş olunacaq.
E-huquq.az-ın məlumatına görə, Konstitusiya islahatı təşəbbüsü ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib.
Dövlət başçısı 2025-ci ilin sentyabrında 30 ildən çoxdur qüvvədə olan Konstitusiyaya dəyişiklik edilməsi təklifini irəli sürüb. O, xüsusən ikipalatalı parlamentin birpalatalı parlamentə çevrilməsini təklif edib.
Daha sonra, bu ilin yanvarında Tokayev həmçinin Vitse-prezident vəzifəsinin yaradılmasını, məsləhət orqanlarında islahatların aparılmasını, preambulada dəyişiklik edilməsini və bir sıra digər düzəlişlərin olunması təklifi ilə çıxış edib.
İslahatları hazırlamaq üçün 100-dən çox siyasətçi, ekspert və ictimai xadimdən ibarət Konstitusiya Komissiyası yaradılıb. Komissiyanın işin yekununda təklif olunan dəyişikliklər mövcud Konstitusiyanın 80 %-dən çoxunu əhatə etdiyindən yeni əsas qanun layihəsinin hazırlanması qərara alınıb.