- 17 Aprel 21:50
Güclü yağış və daşqınlar səbəbindən ABŞ-nin Viskonsin ştatında fövqəladə vəziyyət elan edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Viskonsin qubernatoru Toni Evers məlumat verib.
Hakimiyyət orqanları cənub-şərqi Viskonsindəki sakinləri maşın sürməkdən çəkinməyə çağırıb.
Şiddətli hava şəraitinin davam edə biləcəyini bildirən rəsmilər ştatda ən azı üç tornado baş verdiyini təsdiqləyiblər.
Bundan əlavə, ABŞ Milli Hava Xidməti (NWS) gecə davam edən fırtınalar zamanı Miçiqan ştatının Enn Arbor və Linkoln Parkında tornadoların baş verdiyini açıqlayıb.
Ann Arborda saat 01:44-də başlayan və iki dəqiqə davam edən qasırğa təxminən saatda 177 kilometr sürətlə hərəkət edib. Qasırğa bir çox ərazilərə ziyan vurub.
NWS həmçinin eyni fırtına səbəbindən Miçiqanın Allegan, Montcalm, Saginaw və Shiawassee bölgələrində daha bir neçə qasırğanın baş verdiyini bildirib.
Meteoroloqlar yeni fırtına dalğalarının gözlənildiyini bildiriblər.
Mütəxəssislər əlverişsiz hava şəraitinin Ayova, Viskonsin, İllinoys, İndiana, Ohayo və Miçiqan ştatlarına təsir edəcəyini və fırtınanın şimal Pensilvaniya və Nyu-York ştatının Buffalo bölgəsinə doğru irəlilədiyini qeyd ediblər.
ABŞ-ın mərkəzi və daxili hissələrində 50 milyondan çox insana şiddətli fırtına və tornado təhlükəsi barədə xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə