- 15:18
Tailandda ənənəvi su döyüşü festivalı olan “Songkran”da ilk üç gün ərzində nəqliyyatın sıxlığı və yol hərəkəti qaydalarının pozulması səbəbindən baş verən qəzalarda 191 nəfər ölüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə üzrə milyonlarla insanlar bayram qeyd etmələri üçün Bangkok kimi böyük şəhərlərdən doğma yurdlarına axışarkən yollar sözün əsl mənasında ölüm tələsinə çevrildi.
Hökumətin tətbiq etdiyi sərt təhlükəsizlik tədbirlərinə, artırılmış polis nəzarətinə və sərxoş halda avtomobil idarə etməyə qarşı aparılan tədbirlərə baxmayaraq, festivalın ilk günündə yollarda 51 nəfər həyatını itirib.
Qəzaların əsas səbəbləri arasında sürət həddinin aşılması 42 faiz, sərxoş halda avtomobil idarə etmə halları 27,4 faiz təşkil edir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, ən ölümcül yol qəzası ölkələri arasında doqquzuncu yerdə olan Tailand mənəvi təmizlənmə və yeni başlanğıcları simvolizə etməli olan bu bayramda hər il təkrarlanan qanlı dövrə səbəbindən faciəvi ironiyaya çevrilir.
Humay Eminqızı