- 17:51
Bir sıra Avropa ölkələrində dövlət qulluqçularının "WhatsApp" və "Signal" mesajlaşma proqramlarından istifadəsi məhdudlaşdırılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa, Almaniya, Polşa, Hollandiya, Lüksemburq və Belçika hökumətləri bu mesajlaşma proqramlarından istifadəyə qadağa qoyur.
Təhlükəsiz mesajlaşma proqramlarına texnoloji dəstək verən "Element" şirkətinin baş direktoru Metyu Hodqson qeyd edib ki, son bir ildə Avropa hökumətlərindən gələn bu cür müraciətlərin sayı artıb.
Hollandiyanın Rəqəmsal İqtisadiyyat və Suverenlik üzrə Dövlət Naziri Willemijn Aerdts deyib: "Mesajlaşmalar indi çox vaxt bizim nəzarətimizdən kənarda olan platformalar vasitəsilə həyata keçirilir. Texnologiyanın güc aləti kimi getdikcə daha çox istifadə edildiyi bir dünyada bu, risk yaradır".
Belçikanın Təhlükəsiz Rabitə Direktoru Brandon De Waele yerli tətbiqlərdən istifadənin məlumatların təhlükəsizliyi ilə əlaqəli olduğunu vurğulayıb .
De Waele qeyd edib ki, yerli proqramlar xüsusilə Rusiya kiberhücumlarına qarşı təhlükəsiz kommunikasiya məkanı təmin edə bilər.
Yüksək səviyyəli məmurlar arasında həssas yazışmalar üçün də istifadə edilən bu tətbiqlərlə bağlı artan təhlükəsizlik narahatlıqları və kiberhücumlar səbəbiylə Avropa Komissiyası "Signal" tətbiqinin bağlanmasını tələb edib.
Belçikanın Baş naziri Bart De Wever də dövlət qulluqçuları üçün hökumətin nəzarəti altında işləyən yerli proqram olan BEAM-dən istifadənin faydalı olduğunu deyib.
Şəbnəm Mehdizadə